TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜÇÜN BÜTÜN QÜVVƏLƏR SƏFƏRBƏR EDİLMİŞDİR
Şirvan, 13 may (AZƏRTAC). Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində baş vermiş təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması, həmçinin zərər çəkənlərin sosial müdafiəsinin yüksək səviyyədə təşkili ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrası fasiləsiz olaraq davam etdirilir.
Mayın 13-də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə fəlakət bölgəsində yaradılmış operativ qərargahda AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə demişdir:
- Hazırda Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin əsas qüvvələri Sabirabadın Mürsəlli kəndində uçmuş bəndin bərpası ilə məşğuldurlar. Bu ərazidəki Ulacalı, Mürsəlli və Şıxlar kəndlərinin əhalisi təhlükəsiz yerə köçürülmüşdür. Bəndin bərpası üçün respublikanın hər yerindən ağır dəmir beton hissələri və qaya parçaları daşınıb gətirilməkdədir. Hadisə yerinə ağır texnika və yük maşınları səfərbər edilmişdir. Saatlıdakı Sarısu gölündəki bəndin birində yarılma baş versə də, su kollektorlarla Baş Mil-Muğan kanalına axıdılır. Burada əhali üçün ciddi təhlükə yoxdur. Ərazidəki 5 kəndin əhalisi köçürülməmişdir və buna ehtiyac da yoxdur. Hazırda Araz çayından Kürə saniyədə min kubmetr su daxil olur. Bu, son on il ərzində qeydə alınan ən böyük rəqəmdir. Daşqın zonasında görülən işlər dövlətimizin başçısının xüsusi nəzarəti altındadır. Görülən işlər barədə müntəzəm olaraq Azərbaycan Prezidentinə məlumat verilir və dövlətimizin başçısının tapşırıq və göstərişləri dərhal yerinə yetirilir. Hazırda Sabirabadın köçürülmüş 12 kəndindən 5-nin əhalisinin geri qaytarılması ilə bağlı iş gedir. Bu məsələ tezliklə reallaşdırılacaqdır.
Qabaqlayıcı tədbirlər nəticəsində təbii fəlakət zamanı insan tələfatı olmamışdır. Çətinliyə düşən adamlara dərhal yardım göstərilir.
Çadır düşərgəsində müvəqqəti məskunlaşdırılmış əhali üçün kifayət qədər ərzaq və digər lazımi ehtiyatlar yaradılmışdır.