Təhsil göstəricilərinin inkişaf tempi dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısından irəli gəlir
Bakı, 18 aprel, AZƏRTAC
Neftçala rayonunda 50 ümumtəhsil məktəbi, 16 məktəbəqədər, 1 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Neftçala rayonunda digər sahələr kimi, təhsil göstəriciləri də yüksələn xətlə inkişaf edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib. Onun sözlərinə görə, son 3 ildə rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə bir məktəb tikilib, bir məktəb isə əsaslı təmir edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə üç modul tipli məktəb tikilib istifadəyə verilib. 2021-2022-ci tədris ilində Neftçala rayonu üzrə 252 nəfər abituriyent tələbə adını qazanıb. Onlardan 7 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Neftçala rayonu region üzrə birinci yerin sahibi olub. 2022-2023-cü tədris ili üzrə respublika fənn olimpiadalarının final turuna region üzrə 50 şagird vəsiqə qazanıb ki, onlardan 15 nəfəri Neftçala rayonunun məktəblərini təmsil edir. Qeyd olunan qısa statistik məlumat Neftçala rayonunun yüksək təhsil göstəricilərindən xəbər verir. Sözsüz ki, Neftçala rayonunda respublikamızın digər rayonlarında olduğu kimi, təhsil göstəricilərinin inkişaf tempi dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısından irəli gəlir”.