ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: 14 minə yaxın tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
Bakı, 1 dekabr, AZƏRTAC
Sosial həssas ailə qrupuna aid olan 13 min 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid olunan 23 min 236 tələbə “e-telebe.edu.az” portalına müraciət edib. Onlardan 13 min 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.
Qeyd edək ki, “e-telebe.edu.az” portalına müraciətlər dekabrın 10-dək davam edəcək.