Tələbə Elmi Cəmiyyətin xətti ilə aparılmış elmi-tədqiqat işləri müzakirə olunub
Naxçıvan, 22 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyətin xətti ilə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan konfrans olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev təhsilin inkişafından və tələbələr üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, 7 mindən çox tələbənin təhsil aldığı Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin üzvləri fəallıq göstərir.
Qeyd edilib ki, elmi-tədqiqat işləri bu gün ölkə iqtisadiyyatında mühüm rola malikdir. Belə ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərlə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri də əhəmiyyətli rol oynayır. Bunun bariz nümunəsi olaraq ali təhsil ocağında 2 hektar ərazini əhatə edən, müxtəlif elm sahələri üzrə təcrübə-konstruktor, elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin tətbiqini həyata keçirən texnoparkı göstərmək olar. Texnoparkın yaradılması muxtar respublikada təhsil sahəsində həyata keçirilən tənzimləmələrin və bu sahədəki islahatların sosial və məntiqi davamıdır. Elbrus İsayev Tələbə Elmi Cəmiyyətinin üzvü olan tələbələrə yeni layihələrin həyata keçirilməsi və tətbiqində texnoparkın əhəmiyyətindən danışıb.
“Tələbələrin elmi-tədqiqat fəaliyyətinin aktual problemləri” mövzusunda universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov çıxış edərək bildirib ki, Tələbə Elmi Cəmiyyətinin əsas məqsəd və vəzifələri ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilən elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması, eyni zamanda elmi tədqiqat işlərinə tələbələrin marağının artırılmasına köməklik göstərilməsi və digər məsələlərdir.
Tədbirdə Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə I kurs magistr Təbrizə Bağırova “2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin əldə etdiyi nəticələr və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Bildirilib ki, 2019-2020-ci tədris ilində 349 nəfər elmi-tədqiqat işlərinə cəlb olunmuşdusa, 2020-2021-ci tədris ilində bu rəqəm 570-ə çatıb. Təbrizə Bağırova fakültələr üzrə tələbələrin elmi-tədqiqat işlərinə cəlbi barədə də məlumat verib.
Daha sonra Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Fatimə Sultanovanın “Qarabağ: keçmişdən günümüzə” mövzusunda çıxışı dinlənilib.
Sonda bir qrup tələbəyə smart kartları təqdim olunub.