Tələbələr teatr tarixində aktyor sənətinin inkişaf tendensiyalarını araşdırıblar
Bakı, 6 mart, P.İmanova, AZƏRTAC
Martın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Milli Teatr Gününə həsr olunan “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə universitetin teatrşünaslıq kafedrası tərəfindən təşkil olunan konfransın çox mühüm elmi-nəzəri mövzunu əhatə etdiyini söyləyib. Teatrşünaslıq elminin səciyyəvi xüsusiyyətlərindən söz açan M.Əlizadə bildirib ki, teatr fəlsəfəsiz, konsepltlərsiz, miflərsiz, əfsanələrsiz, lətifələrsiz və sevgisiz yaşaya bilməz. Teatrşünaslıq teatr haqqında həqiqətin doğulmasına, yeni teatr konseptlərinin, yeni teatr estetikasının meydana çıxmasına kömək edir. Teatrşünaslıq teatr tarixinin şifahi və yazılı yaddaşıdır, teatrın tənqididir, fəlsəfəsidir, esetikasıdır, sosiologiyasıdır, semiotikasıdır. Teatrşünaslıq teatrın mövcudolma səbəblərini konkret olaraq zaman və məkan kontekstində araşdırıb, aşkarlayıb və onların müstəvisində nəzəri paradiqmalar qurmağa çalışır. Vurğulanıb ki, teatrşünaslıq, eyni zamanda, təfsir elmidir.
Dosent Vidadi Qafarov və digər çıxış edənlər bildiriblər ki, konfrans teatr sənətində aktyor sənətinin inkişaf tendensiyalarını təhlil etməklə yanaşı, tələbələrdə araşdırma vərdişlərini formalaşdırmaq, onların tədqiqatçılıq səriştələrini artırmaq məqsədini qarşıya qoyub.
Sonra V.Qafarovun “Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra” mövzusunda məruzəsi dinlənilib.
Konfransda tələbələr “Orta əsrlərdə dini tamaşalar: janr təsnifatı”, “Şərq ənənəvi teatr mədəniyyətində aktyor sənəti”, “Postdramatik teatrda aktyor sənəti”, “Yeji Qrotovskinin yoxsul teatr konsepsiyası” və digər mövzularda məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəsmiyyə Mustafayevanın Azərbaycan dilinə tərcümə etdiyi, Dmitri Kallistovun “Antik teatr” kitabının təqdimatı olub.