Tələbələrə fransız dilində olan vəsaitlərdən istifadə qaydaları izah edilib
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Avropa İttifaqının “Erasmus+” proqramının “PETRA” (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri, Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel tərəfindən fransız dilinin tədrisi üzrə minlərlə pedaqogika və dilçilik sahələrini əhatə edən “FRED” platformasının təqdimatı keçirilib. Tədbirdə BSU-nun Roman filologiyası kafedrasının müəllim heyəti və fransız dilini öyrənən tələbələr iştirak ediblər.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə, həmçinin Azərbaycanda Fransız İnstitutunun kitabxanasının müdiri İlkin Babayev “Culturetheque” platforması haqqında çıxış edib. O, onlayn kitabxananın fransız dilində 200 mindən artıq vəsaiti (kitab, jurnal, komiks, DVD, CD, uşaqlar üçün kitablar) olduğunu deyib, iştirakçılara bu vəsaitlərdən səmərəli istifadə qaydalarını izah edib.
Sonra BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri Zinyət Səmədzadə və Aynurə Heydərova Fransa və Azərbaycanın milli bayramları haqqında çıxış ediblər. Tələbələr qonağa Azərbaycanın qonaqpərvərliyindən və adət-ənənələrindən danışıb, milli mətbəximizdən nümunələr təqdim ediblər.