TERRORİZM, CİNAYƏTKARLIQ VƏ NARKOBİZNESƏ QARŞI MÜBARİZƏ İLƏ ƏLAQƏDAR MODEL QANUNLAR HAZIRLANACAQ
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 12-13–də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyində terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə birləşmiş komissiyanın iclası keçiriləcəkdir.
Milli Məclisin deputatı Vladimir Timoşenkonun da iştirak edəcəyi iclasda “Polis haqqında”, “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında”, “Narkotik vasitələr, psixotrop maddələr haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” model qanun layihələri müzakirə olunacaqdır. Milli Məclisin deputatı yığıncaqda çıxış edərək, bu sahədə Azərbaycan parlamentində görülmüş işlər barədə məlumat verəcəkdir.