Texnologiyalar parklarının rezidentlərinə mühüm güzəştlər verilib
Bakı, 29 iyul, AZƏRTAC
Vergi Məcəlləsində 2023-cü il yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən texnologiyalar parklarının rezidentlərinə mühüm güzəştlər verilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əməkhaqqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə gəlir vergisindən azaddır. Bundan başqa, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.
Həmçinin sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azad ediliblər.