“The Hill” qəzetində Azərbaycan haqqında geniş məqalə dərc olunub
Bakı, 13 iyun, AZƏRTAC
ABŞ-ın “The Hill” qəzetində Azərbaycanın iqtisadi inkişafından bəhs edən geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın regionun ən inkişaf etmiş ölkəsi olduğu qeyd edilir. “Azərbaycan, neft və XXI əsr” sərlövhəli məqalədə bildirilir ki, Cənubi Qafqaz ölkəsi olan Azərbaycan qədim İpək yolu üzərində yerləşir. Müəllif yazıda 800 il əvvəl inşa edilmiş qədim məscidin də Azərbaycanda olduğunu xüsusi vurğulayır.
Zəngin neft ölkəsi Azərbaycan İkinci Dünya müharibəsi dövründə keçmiş Sovet İttifaqının neft məhsullarına tələbatının 80-90 faizini ödədiyi, həmçinin qədim memarlıq ənənələrini qoruyub saxlayan paytaxt Bakının indi dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevrildiyi qeyd olunur.
“Artıq 20 ildən çoxdur ki, Azərbaycanın ərazisi erməni işğalçıları tərəfindən zəbt olunub. BMT Təhlükəsizlik Şurası bu ərazilərin azad olunması ilə bağlı qətnamələr qəbul edib, lakin Ermənistan bu tələbə məhəl qoymur”,- deyə müəllif bildirir.
Azərbaycanda yüksək səviyyədə tolerantlıq mühitinin olduğunu da vurğulayan müəllif Bakıda müxtəlif dinlərə məxsus obyektlərin olduğunu yazır.
Birinci Avropa Oyunlarının keçirilməsini Azərbaycanın növbəti uğuru adlandıran müəllif təşkilat işlərinə 10 minlərlə könüllünün cəlb edildiyini xüsusi vurğulayır. Bildirilir ki, hətta erməni idmançıların da bu yarışlara cəlb edilməsi Azərbaycanın sülhpərvər ölkə olduğunu göstərir.