Tibb Universitetində tələbə-rəssamların “İstedad sorağında” sərgisi açılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Amerikada 21 həftəlik hamilə olan ana doğum evinə müraciət edir. Həkimlər onurğasında yırtıq olduğuna görə hamiləlikdən imtina edilməsini məsləhət görürlər, lakin ananın razılaşmadığını görən cərrahlardan biri bətndaxili əməliyyat aparır və körpənin həyatını xilas edir. Əməliyyatın başa çatmağına yaxın hələ tam formalaşmamış körpə əlləri ilə cərrahın barmağından tutaraq ona yaşam hüququ verdiyinə görə sanki “minnətdarlıq edir”.
Vaxtilə “Nyu-York Tayms” qəzetində dərc olunmuş həmin anı əks etdirən bu fotonu Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin tələbəsi Yeganə Məmmədova fırçanın gücü ilə canlandırıb və rəsmə maraqlı bir ad verib: “Ümid əli”.
Qoz və şabalıd ağaclarından hazırlanan nərdtaxta üzərinə döyülmüş ürək şəkilləri, müxtəlif orqanların anatomik təsviri rəsm əsərlərinin mövzusu olması heç də təəccüblü deyil. Görünür ki, həkim həmişə həkimdir, hətta molbert arxasında olsa da…
Lakin mövzular təkcə təbabətlə tükənmir. Yağlı, sulu boya, fırça ilə işlənmiş 14 tələbə-rəssamın bir-birindən baxımlı 86 şəkil… Subasma zamanı iti xilas edərək başı üzərinə qaldıran uşaq, papağını qucaqlayıb mışıl-mışıl yuxuya gedən körpə, budağa qonan quş, təbiət etüdləri, Bakı mənzərələri, Eyfel qülləsi…
AZƏRTAC xəbər verir ki, bunlar Tibb Universitetinin foyesində nümayiş olunan “İstedad sorağında” sərgisindəki işlərin bir hissəsidir. Gələcək həkimlərin bir-birindən maraqlı əsərləri iştirakçıları həmin təsvirlərin qarşısında dayanmağa sövq edirdi…
Sərgi münasibətilə keçirilən tədbirdə universitetin həmkarlar ittifaqı təşkilatının sədri Cahangir Qasımov toplaşanlara tələbə-rəssamların yaradıcılıq işləri barədə məlumat verib. Sonra universitet rəhbərliyi, müəllim və pedaqoqlar, eləcə də sərginin qonaqları gələcək həkimlərin rəsm əsərlərindən ibarət sərgiyə tamaşa ediblər.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının “Güllələnmiş heykəlin fəryadı” tamaşası nümayiş olunub.