“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülərimizlə görüş olub
Bakı, 10 avqust, AZƏRTAC
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük üzrə milli komandamızın üzvləri ilə Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) görüş olub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə AMPK-nın prezidenti İlqar Rəhimov Paralimpiadaya lisenziya qazanmış idmançıları bir daha təbrik edib. O, idmançıların fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq onlara uğurlar arzulayıb.
İ.Rəhimov bildirib ki, pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, idmançılarımız “Tokio-2020”yə yüksək səviyyədə hazırlaşıblar. Onlar yerli və beynəlxalq təlim-məşq toplanışlarında, turnirlərdə iştirak ediblər. O, idmançıların Yaponiyadan yüksək nəticə ilə qayıdacaqlarına əmin olduğunu bildirib.
Üzgüçülük üzrə milli Paralimpiya komandamızın baş məşqçisi Alaverdi Culfayev göstərilən dəstəyə görə İ.Rəhimova təşəkkürünü bildirib, “Tokio-2020”yə hazırlıq prosesi barədə məlumat verib. A.Culfayev komandanın Tokioda uğurla iştirak edəcəyinə və Vətənə medallar ilə qayıdacağını vurğulayıb.
Avqustun 10-da Yaponiyanın Şika şəhərinə yola düşəcək komanda təlim-məşq toplanışını orada davam etdirəcək. Komandamız avqustun 19-da Şikadan Tokioya - Atletlər kəndinə yollanacaq.
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.