Tokio Olimpiya Oyunları ərzində 500-dən çox koronavirusa yoluxma halı qeydə alınıb
Tokio, 11 avqust, AZƏRTAC
Yaponiya səhiyyə işçiləri Tokio Yay Olimpiya Oyunları ərzində yarışlarla əlaqədar 511 nəfərin koronavirusa yoluxduğunu təsdiq ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin saytında avqustun 11-də yerləşdirilən hesabatda bildirilir. Qeyd edilir ki, son sutka ərzində 25 nəfər koronavirusa yoluxub. Ümumilikdə yarışlar ərzində antirekord avqustun 5-də qeydə alınıb - 31 nəfər.
Məlumat üçün bildirək ki, bu statistikaya iyulun 1-də Oyunlara hazırlıq final mərhələsinə daxil olduqdan və idmançılar Yaponiyaya gəlməyə başladıqdan sonra start verilib.
Olimpiya Oyunlarına hazırlıq və yarışların davam etdiyi dövr ərzində ümumilikdə 650 mindən artıq koronavirus testinin götürüldüyü də qeyd edilir. Bu testlərdən yalnız 0,02 faizində yoluxma aşkar edilib.
Xatırladaq ki, Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə hökumət Yaponiya paytaxtında tətbiq edilən sayca dördüncü fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Bu rejimin tətbiqi nəticəsində ictimai iaşə obyektlərində spirtli içkilərin satılmasına, tamaşaçıların kütləvi tədbirlərə qatılmasına icazə verilmir. Buna görə də Olimpiya Oyunlarının keçirildiyi idman obyektlərinə tamaşaçılar buraxılmayıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio