Tokio Paralimpiadasında iştirak etmək üçün Yaponiyaya gələn Azərbaycan idmançıları məşqlərə başlayıblar
Tokio, 13 avqust, AZƏRTAC
Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyaya gələn Azərbaycan idmançıları Şika şəhərində məşqlərə başlayıblar.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) şöbə müdiri Rüfət Hacılı idmançılarımızın yerli sakinlər tərəfindən qonaqpərvərliklə qarşılandığını bildirib. Qeyd edib ki, idmançılarımızın yarışlara yaxşı hazırlaşa bilmələri üçün həm oteldə, həm də məşq zallarında hər cür şərait yaradılıb. Hazırda Şika şəhərində “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük üzrə milli komanda və nümayəndə heyətinin bir neçə üzvü məskunlaşıb.
R.Hacılı əlavə edib ki, təlim-məşq toplanışını başa vurduqdan sonra milli komanda paytaxt Tokioda yerləşən Paralimpiya kəndinə yola düşəcək. “Tokio-2020”də üzgüçülük yarışlarında ölkəmizi Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcəklər. Üzgüçülərdən ilk olaraq Raman Saleh avqustun 27-də yarışlara qatılacaq. O, 50 və 100 metr məsafələrə sərbəst, batterflay və arxası üstə üzmə yarışlarında iştirak edəcək. V.İsrafilov isə 100 metr məsafəyə batterflay və brass üsulu ilə üzmə yarışlarına qatılacaq. Qadın təmsilçimiz Dana Şandibina isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında medal qazanmağa çalışacaq.
Azərbaycanlı paralimpiyaçıların Şika şəhərinə səfəri və burada məşqlərə başlaması, mer Masaru Koicuminin qonaqları onlayn salamlaması Yaponiyanın nüfuzlu yerli mətbuatı, o cümlədən Kyodo agentliyi tərəfindən də geniş işıqlandırılıb.
Xatırladaq ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə 36 idmançı təmsil edəcək.
Avqustun 24-də Yaponiyanın paytaxtında start götürəcək yarışlar sentyabrın 5-dək davam edəcək. Bu mötəbər yarış Azərbaycan Paralimpiya Hərəkatı üçün sayca yeddinci Paralimpiada olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio