Tokio Paralimpiadasında paracüdo üzrə yarışlara start verilib
Tokio, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Tokionun möhtəşəm “Nippion Budokan” idman mərkəzində paralimpiya Oyunları çərçivəsində paracüdo yarışlarına start verilib.
Azərbaycan Milli Paralimpiya Komandasını bu yarışlarda Şəhanə Hacıyeva (-48 kq), Bəsti Səfərova (-52 kq), Vüqar Şirinli (-60 kq), Namiq Abaslı (-66 kq) təmsil edirlər.
Yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 5:30) başlayan yarışlarda ilkin olaraq tatamiyə çıxan Vüqar Şirinli Türkiyə təmsilçisi Rəcəb Çiftçi ilə qarşılaşıb. Görüşü daha fəal keçirən V.Şirinli tezliklə ilk xalı qazanıb. Qarşılaşma V.Şirinlinin qələbəsi ilə yekunlaşıb. Beləliklə, V.Şirinli yarımfinala vəsiqə qazanıb.
Digər tatamidə isə Namiq Abaslı İspaniya idmançısı İbanez Banonla görüşüb. N.Abaslı qızıl hesabda rəqibinə məğlub olub.
Həmin gün keçiriləcək digər yarışlarda komandamızı atletika növü üzrə Oloxan Musayev (F55, nüvə itələmə) və üzgüçülük üzrə Raman Saleh (S12 100 m arxasıüstə) təmsil edəcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio