Tomas Pareba: Regionda təhlükəsizliyin möhkəmləndirilməsi, kommunikasiyaların açılması çox əhəmiyyətlidir
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Tomas Pareba deputatlar Tural Gəncəliyev, Sevil Mikayılova və Vüqar Bayramov ilə görüşüb. T.Gəncəliyev Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib. O, Avropa Parlamentinin polşalı deputatı Tomas Pareba və nümayəndə heyətinin digər üzvü Vitold de Şevillə Azərbaycanın Avropa ölkələri, həmçinin Polşa ilə əlaqələrindən bəhs edib. Qonaqlara 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, işğal vaxtı həmin ərazilərdən məcburi köçkün düşmüş vətəndaşımızın doğma torpaqlarına dönüşü barədə məlumat verib. O, regionda davamlı sülhün bərqərar olmasının, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bölgənin iqtisadi inkişafına, xalqların rifahına böyük töhfələr verəcəyini vurğulayıb.
T.Pareba postmüharibə dövrünün reallıqları, regionda baş verən hadisələr haqqında obyektiv informasiyanın əldə olunması üçün belə səfərlərin və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. O, regionda təhlükəsizliyin möhkəmləndirilməsinin, kommunikasiyaların açılmasının əhəmiyyətindən danışıb, Azərbaycanın Avropa ilə, həmçinin Polşa ilə əlaqələrinin inkişaf etdirilməsinə toxunub.
Sevil Mikayılova, Vüqar Bayramov, “Qarabağa dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, kommunikasiyaların açılması və əməkdaşlıq əlaqələrinin qurulmasından danışıblar. Eyni zamanda, görüşdə Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın təşəbbüslərindən, Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafı perspektivlərindən bəhs edilib.
Görüşdə, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.