Torpaqşünaslıq və Aqrokimya İnstitutunda beynəlxalq elmi-praktik konfrans keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbiri institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. Gənc alim dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, konfransa elan üzrə 86 material daxil olub.
Daha sonra çıxış edən konfransın təşkilat komitəsinin üzvü Ryazan Dövlət Aqrotexnologiya Universitetinin professoru Yuri Majayski, Korkut Ata adına Qızılorda Dövlət Universitetinin professoru İbadulla Tayutinov mövzunun vacibliyini vurğulayıblar. Təşkilat komitəsinin digər üzvləri - Tottori Universitetinin professoru Kristina Toderiç və TAİ-nin Torpaq ekologiyası beynəlxalq laboratoriyasının müdiri, dosent Zaman Məmmədov da çıxış edərək tədbirin gənc alimlərin elmi əlaqələrinin inkişafına töhfə verəcəyini bildiriblər.
Konfransda “Damcılarla suvarmanın torpaqların su-fiziki xassələrinə təsiri”, “Gəncə Gəc zavodu ərazisində ekoloji monitorinq sisteminin təşkili”, “Abşeronda tərəvəzaltı torpaqların müasir ekoloji səciyyəsi”, “Gübrələrin norma və nisbətlərinin çəltik dəninin bəzi keyfiyyət göstəricilərinə təsiri” mövzularında məruzələr dinlənilib.