Tovuzda “Ünvanı dəyişən al qərənfilim” adlı ədəbi-bədii kompozisiya təqdim olunub
Tovuz, 20 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Nizami adına Mədəniyyət evində 20 Yanvar - Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr edilmiş “Ünvanı dəyişən al qərənfilim” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə kitab sərgisinə və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə mədəniyyət və incəsənət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.