Toz fırtınaları problemini həll etmək üçün regional ekoloji təşkilat yaradılır
Bakı, 13 iyul, AZƏRTAC
Toz fırtınaları problemi ilə məşğul olmaq üçün regional ekoloji təşkilat, katiblik və ekspert qrupu yaradılır.
AZƏRTAC “ORIENT” informasiya portalına istinadla xəbər verir ki, bu barədə Tehranda toz fırtınaları probleminin həllinə dair regional konfransda deyilib. 11 ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə keçirilən konfransın məqsədi mövcud ekoloji problemlərin, xüsusilə qum və toz fırtınalarının həllinə dair əməkdaşlığın aktivləşdirilməsi olub.
Tədbirdə Türkiyə, İraq, Azərbaycan, Türkmənistan, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Suriya, Qətər və Özbəkistanın ətraf mühit nazirləri və nazir müavinləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən İran Prezidenti Seyid İbrahim Rəisi ətraf mühitin qorunmasının vacib və qaçılmaz prioritet olduğunu vurğulayıb. O, Ətraf Mühit Departamentinə diplomatiya və beynəlxalq forumlar, eləcə də qonşu ölkələrlə qarşılıqlı fəaliyyət yolu ilə qum və toz fırtınaları probleminin həlli ilə səylə məşğul olmaq tapşırdığını verdiyini bildirib. “Xüsusilə region ölkələri üçün qlobal problem olan ekosistemin və ətraf mühitin qorunması bu gün qaçılmaz prioritetdir. Ətraf mühit insanlar üçün təhlükəsiz və dinc olmasa, inkişaf yersiz olacaq və hətta insan sağlamlığı üçün təhlükəyə çevriləcək”, - deyə Rəisi bildirib.
İran Prezidenti çirklənmənin azaldılması üçün qonşu ölkələrlə təcrübə və bilikləri bölüşməyə hazır olduğunu bəyan edərək, su, hava, torpaq və tullantıların idarə olunması və istifadəsi üzrə planların işlənib hazırlanmasını təklif edib.
Forumda qeyd olunub ki, görüşün qərarlarının realizə edilməsi, yeni texnologiyalar və biliyə əsaslanan metodlardan istifadə etməklə toz fırtınalarının nəticələrinin yumşaldılması üzrə tədbirlərin həyata keçirilməsi üçün regional ekoloji təşkilatın, katibliyin və ekspert qrupunun yaradılması gündəmdədir.