Türk alim: Türkologiyada müasir texnologiyalardan geniş istifadə edilməlidir VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Türkologiya sahəsində zamanın çağırışlarına uyğun olaraq informasiya texnologiyalarından daha geniş istifadə edilməli, türk dilinin inkişafı, zənginləşdirilməsi və genişləndirilməsi istiqamətində birgə fəaliyyət gücləndirilməlidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Hacettepe Universitetinin müəllimi, Türkiyə Türk Dil Qurumunun sabiq sədri, AMEA Nəsimi adına Dilçilik İnstitutunun və Sumqayıt Dövlət Universitetinin fəxri doktoru professor Şükrü Haluk Akalın deyib.
Professor bildirib ki, 1926-cı il fevralın 26-da Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkoloji elminin tarixində mühüm dönüş nöqtəsi olub.
“Bildiyiniz kimi, Birinci Türkoloji Qurultay 1926-cı ilin fevralın 26-da Bakıda keçirilmişdi. Bu, türkologiya tarixində çox mühüm bir addım idi. Əvvəllər fərdi və şəxsi tədqiqatlar kimi aparılan türkologiya araşdırmaları Bakıda keçirilən bu qurultayla ilk dəfə institusional bir quruluş qazandı”, - deyə professor qeyd edib.
Ş.H.Akalın vurğulayıb ki, həmin qurultayda qəbul edilən ən mühüm qərarlardan biri Vahid Yeni Türk Əlifbasının qəbul edilməsi olub: “Burada qəbul edilən qərar, bildiyiniz kimi, Vahid Yeni Türk Əlifbasının qəbul olunması idi. Bu qərardan sonra başda Azərbaycan və Türkiyə olmaqla digər respublikalar latın əlifbasına keçdilər”.
Türkiyəli alim Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
“İndi çox xoşbəxtik ki, Prezident İlham Əliyev bu qurultayın 100 illiyinin çox möhtəşəm tədbirlərlə qeyd olunması barədə Sərəncam imzalayıb. Buna görə ona minnətdarıq. Beləliklə, türkologiya yenidən o dövrlərdəki möhtəşəm fəaliyyətini həyata keçirəcək”, - deyə Şükrü Haluk Akalın bildirib.
Professorun sözlərinə görə, qarşıdakı dövrdə əsas vəzifələrdən biri müasir texnologiyaların imkanlarından istifadə etməklə türk dillərinin inkişafına töhfə verməkdir.
“Bizim üzərimizə düşən ən mühüm vəzifə dövrün texnologiyalarından, xüsusilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək türk dilinin inkişafı, zənginləşdirilməsi və geniş yayılması istiqamətində iş aparmaqdır”, - deyə türkiyəli alim əlavə edib.