“TÜRKDİLLİ DÖVLƏTLƏRİN İNKİŞAFINDA LİDERLƏRİN ROLU” MÖVZUSUNDA III BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 11-də Bakıda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyi və Milli Qeyri-hökumət Təşkilatları Forumu Diaspor Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda III beynəlxalq elmi-nəzəri konfrans keçirmişdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir. Sonra Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov “Türk xalqlarının siyasi birliyinin yaranmasında Heydər Əliyevin rolu”, Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsi sektor müdiri Qafar Əliyev “Müasir Azərbaycanın banisi, qurucusu və xilaskarı”, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Türk birliyi ideyası və Azərbaycan”, İsrailin Azərbaycandakı sabiq səfiri Eytan Naye “İsrail-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, türkiyəli professor Ramazan Darşıdurmaz “Türk dünyasının inkişafında liderlərin rolu” mövzularında məruzə ilə çıxış etmişlər.
Məruzələrdə eyni mədəniyyətə, etnosa malik olan türkdilli xalqların birliyinin yaranmasında və inkişafında Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, Turqut Özalın, Süleyman Dəmirəlin, Nursultan Nazarbayevin, İlham Əliyevin və digər türkdilli dövlətlərin rəhbərlərinin və ictimai xadimlərin rolu xüsusi qeyd olunmuşdur.
Məruzəçilər belə bir tədbirin, eləcə də yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulmuş türkdilli dövlətlərin dövlət başçılarının zirvə toplantısının və türkdilli dövlətlərin parlament rəhbərlərinin görüşünün xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar.
Tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Qazaxıstan, Özbəkistan səfirliklərinin nümayəndələri, eləcə də bu ölkələrdən gəlmiş ziyalılar iştirak etmişlər.
Qeyd edək ki, “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda I beynəlxalq elmi-nəzəri konfrans Qırğızıstanın Bişkek şəhərində, ikincisi isə Qazaxıstanın Almatı şəhərində keçirilmişdir.