Türkiyə Ali Təhsil Şurasının rəhbəri: Universitetlər iqtisadiyyat üçün lazım olan kadrlar hazırlamalıdır



Ankara, 13 mart, AZƏRTAC
Türkiyədə ali təhsil müəssisələri ölkənin iqtisadi inkişafına yüksək töhfə verməli, transformasiya və islahatların bir parçası olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar ölkə parlamentində təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, universitetlərin iqtisadi sektorlarla birgə fəaliyyət göstərməsi və biznes mühitinin bütün tələblərinə cavab verməsi çox vacibdir. Özvar bildirib: “Sistem iqtisadiyyatın tələblərinə cavab verən kadrlar hazırlamalıdır”.
O, eyni zamanda, gənclərin ali təhsil sisteminə imkan daxilində maksimum zəruriliyini qeyd edib. YÖK sədri deyib: “Gənclər universitetlərdə bərabər şərtlərdə təhsil almalı və sərfəli maliyyə standartları ilə keyfiyyət əldə etməlidirlər”.
Özvar onu da qeyd edib ki, Türkiyə universitetləri öz proqramlarında innovasiyalardan istifadə edir, rəqəmsal nəqliyyat və süni intellekt amillərini nəzərə alır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər demişdi ki, 2002-ci ildən bəri ölkədəki universitetlərin sayı 76-dan 208-ə yüksəlib: “Bu gün Türkiyənin hər bir vilayətində ali təhsil müəssisələri fəaliyyət göstərir”, -deyən dövlət başçısı vurğulayıb ki, həmçinin təhsilin keyfiyyətini artırmağa və daha çox əcnəbi tələbə cəlb etməyə diqqət yetirilməlidir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara