Türkiyə parlamentinin spikeri: Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq
Ankara, 26 fevral, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.
AZƏRTAC xəbər verir ki, parlamentin spikerinin sosial şəbəkələrdəki paylaşımında deyilir: “1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalıda qətlə yetirilmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla anıram. Qatillər uşaqlara, qadınlara və qocalara da aman verməyiblər. Azərbaycan xalqının ağrı-acısını səmimi-qəlbdən bölüşürəm”.
Numan Kurtulmuş vurğulayıb ki, dünya ictimaiyyətinin insanlığa qarşı cinayətlərə məhəl qoymamasına baxmayaraq, şəhidlərin xatirəsi əbədi yaşayacaq. TBMM-nin sədri əlavə edib: “Biz azərbaycanlı qardaşlarımızın xatirəsini daim yad edəcəyik”.
Türkiyə parlamentinin sədri öz paylaşımında Xocalı soyqırımını əks etdirən infoqrafika əlavə edib.