Türkiyə və Azərbaycan müəllimlərinin təcrübə mübadiləsi istiqamətində müzakirə aparılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov ölkəmizdə səfərdə olan Türkiyə Milli Təhsil Nazirliyinin Yenilik və təhsil texnologiyaları departamentinin müdiri Mehmet Fatih Döğerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında ötən illər ərzində həyata keçirilən birgə fəaliyyət, o cümlədən müəllim və şagird mübadiləsindən məmnunluq ifadə edilib.
Beynəlxalq qiymətləndirmədə qarşılıqlı münasibətin əhəmiyyəti, layihə əsaslı təhsil modelinin Azərbaycanda tətbiqi üzrə təcrübə ilə tanışlıq və innovativ metodların tədrisi üzrə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, hər iki ölkənin müəllimlərinin təcrübə mübadiləsinin reallaşması istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Qeyd edək ki, nümayəndə heyətinin səfəri dekabrın 23-dək davam edəcək.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin paytaxt və regional təhsil müəssisələrinə, STEAM İnnovasiya Mərkəzinə gedəcək.