Türkiyədə Ərzurumun erməni quldur dəstələrindən azad olunmasının 107-ci ildönümü qeyd edilir



Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Türkiyənin Ərzurum şəhərinin erməni quldur dəstələrindən azad edilməsinin 107-ci ildönümü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Ərzurumdakı Atatürk Universitetinin Tarix kafedrasının dosenti Savaş Eyilmez jurnalistlərə 1916-cı il fevralın 16-da rus ordusunun nəzarətinə keçən vilayətin azad edilməsinin mərhələlərindən danışıb. Alim vurğulayıb: “Vilayət 1917-ci il dekabrın 18-də Erzincan atəşkəs müqaviləsi bağlandıqdan sonra bu torpaqları tərk edən rus ordusunun nəzarəti altında iki ildən artıq qaldı. 1918-ci il fevralın 12-də Erzincanın azad edildiyini, martın 12-də isə Kazım Karabekir Paşanın komandanlığı ilə Birinci Qafqaz Korpusunun Ərzuruma daxil olduğunu xatırladan alim qeyd edib ki, həmin vaxt bu şəhərdə ancaq silah və artilleriya ilə silahlanmış erməni quldur dəstələri qalmışdı.
O, Kazım Karabekir Paşanı vilayətin azad edilməsinə planlaşdırılan vaxtdan tez başlamağa məcbur edən ermənilərin Ərzurumun dinc əhalisinə qarşı törətdiyi qırğınlara diqqət çəkib.
“1918-ci il martın 6-da Karabekir Paşa Ərzurumdakı erməni quldur dəstələrinin başçısına xəbər göndərərək ondan martın 9-dək şəhəri tərk etməsini tələb etdi, o vaxt minlərlə silahlı erməninin 22 top və 45 pulemyotu olduğu bilinirdi, onların əksəriyyəti rus qoşunları tərəfindən tərk edilmişdi”.
Alimin sözlərinə görə, hücum martın 11-də başlayıb və səhərə yaxın Osmanlı qoşunları şəhərə daxil olub. “Birinci Qafqaz Korpusunun itkiləri cüzi idi, amma bunu dinc əhali haqqında demək olmaz. Atatürk Universitetinin professoru bildirib ki, təkcə Ərzurum şəhərində geri çəkilən ermənilər 1078 dinc sakini qətlə yetiriblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara