TÜRKİYƏDƏ FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCAN DƏRNƏKLƏRİNİ ÖZÜNDƏ BİRLƏŞDİRƏCƏK FEDERASİYA YARADILACAQ
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ankara şəhərində iş adamları, ziyalılar və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında iştirak edənlər Azərbaycan həqiqətlərinin Türkiyədə təbliğ olunmasında və digər şəhərlərdəki Azərbaycan dərnəkləri ilə qarşılıqlı əlaqələrin qurulmasında əllərindən gələni edəcəklərinə söz vermişlər.
Tədbirdə iştirak edən Komitə əməkdaşları Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycan əsilli deputatı Yücel Artantaş və sabiq millət vəkili Şamil Ayrımla görüşmüşlər. Görüşdə Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərindən, “Bir millət, iki dövlət” olan ölkələrimizin bir-birinə dəstək olmağının vacibliyindən danışılmış, ictimai xadimlər bundan sonra da Azərbaycan dərnəklərinin yaradılmasında iştirak edəcəklərini və onların Türkiyənin ictimai-siyasi həyatında fəal rol oynamalarına yardımçı olacaqlarını bəyan etmişlər.
İqdır şəhərində keçirilən təsis konfransında qurultaya qədər dərnəyin sədri vəzifəzinə Azərbaycan əsilli Vəli Təbərrün seçilmişdir.
Türkiyənin Azərbaycana coğrafi baxımdan ən yaxın şəhəri olan İqdırda Ermənistanla sərhədlərin açılması məsələsinə olduqca həssaslıqla yanaşılır. İqdır əhalisi Dağlıq Qarabağ problemi həll olunmayana qədər sərhədlərin açılmasının Azərbaycanla Türkiyə arasında tarix boyu mövcud olan qardaşlıq əlaqələrinə xələl gətirəcəyini düşünür. Komitənin əməkdaşları ilə görüşdə şəhər bələdiyyəsinin başqanı Nurəddin Aras İqdır əhalisinin sərhədlərin açılmasına loyal yanaşdıqları haqqında mətbuatda yazılanları təkzib etmiş, Türkiyənin Azərbaycanın dövlət maraqlarına zidd heç bir addım atmayacağına əmin olduğunu bildirmişdir.
Manisa şəhərində Azərbaycan dərnəyinin qurultayı keçirilib. Toplantıda Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Seyfəddin Ayakyay dərnəyin sədri seçilib. Dövlət Komitəsinin Asiya ölkələri bölməsinin müdiri Ramil Həsənov qurultayda çıxış edərək, Komitənin yarandığı vaxtdan bu günə kimi gördüyü işlər və Türkiyənin digər regionlarında dərnəklərin yaradılması prosesi haqqında məlumat vermişdir.
Toplantıda may ayının sonunda Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin İsgəndərun şəhərində keçiriləcək beynəlxalq konfransa hazırlıq barədə müzakirələr aparılmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsinə həsr olunacaq konfransın təşkilat komitəsi artıq yaradılmışdır. Həmin ərəfədə Türkiyədə fəaliyyət göstərən bütün Azərbaycan dərnəklərini özündə birləşdirəcək Federasiyanın da yaradılması nəzərdə tutulmuşdur.