Türkiyədən gələn yük avtomobilləri Gürcüstanın ermənilər yaşayan bölgəsində hücuma məruz qalıb
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Gürcüstanda yaşayan ermənilər Türkiyə dövlət nömrə nişanlı beynəlxalq yük daşımalarını həyata keçirən avtomobillərin hərəkətinə mane olub, sürücülərə və avtomobillərə daşla hücum ediblər.
AZƏRTAC xəbər verir ki, hadisə ermənilərin daha çox məskunlaşdıqları Samtsxe-Cavaxetiya bölgəsində baş verib.
Nəticədə yük avtomobillərinə ziyan dəyib, sürücülər xəsarət alıblar. Bundan sonra sürücülər Türkiyədən Gürcüstana “Akdaş” sərhəd-keçid məntəqəsinə keçməkdən imtina ediblər.
Sürücülərin Türkiyə-Gürcüstan “Sarpi” sərhəd-keçid məntəqəsinə gəlmələri səbəbindən bu məntəqədə ciddi sıxlıq və tıxac yaranıb. Hazırda “Sarpi” sərhəd-keçid məntəqəsində uzunluğu bir neçə kilometrə çatan tıxac yaranıb.
Gürcüstan tərəfi hələlik məsələyə münasibət bildirməyib.
Gürcüstan Azərbaycanlı Konqresinin sədri Hüseyn Yusubov məsələ ilə əlaqədar AZƏRTAC-a bildirib ki, ermənilər bu yolla öz çirkin niyyətlərini yenidən ortaya qoyublar.
H.Yusubov deyib: “Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək məqsədilə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları Gürcüstanda yaşayan erməniləri də qorxuya salıb. Gürcüstanda yaşayan ermənilər savaşın daha da genişlənməsi və Gürcüstanı da bu münaqişəyə cəlb etmək üçün çox iyrənc hərəkətlərə əl atıblar. Amma unutmasınlar ki, Gürcüstanda yaşayan azərbaycanlılar da Ermənistana gedən yük avtomobillərini yolunu bağlaya bilər. Əgər ermənilər tez bir zamanda bu çirkin əməllərindən əl çəkməsələr biz də adekvat addım atacağıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi