COP29
Türkiyəli alim iqlim böhranı ilə mübarizədə təcili və qətiyyətli addımlar atmağa çağırıb
Ankara, 30 noyabr, AZƏRTAC
Dövlətlərin 2025-ci ildə yayımlanacaq iqlim böhranı ilə mübarizə üzrə yeni Milli Səviyyədə Töhfələr öhdəliyi mümkün qədər iddialı olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanda COP29-da iştirak edən Boğaziçi Universitetinin (İstanbul) İqlim Dəyişikliklərinin Öyrənilməsi və Ətraf Mühit Siyasətinin Həyata Keçirilməsi Mərkəzinin rəhbəri, professor Levent Kurnaz jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, iqlim böhranı ilə mübarizədə hələ də ən böyük maneə bu istiqamətdə səylərin könüllü xarakter daşımasıdır. “Heç kim dövlətləri iqlim böhranı ilə mübarizəyə fəal töhfə verməyə məcbur etmir, ona görə də qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması mövzusu artıq aktual deyil”, -deyə alim bildirib.
Mərkəz rəhbəri izah edib ki, Paris Sazişində göstərilən temperatur həddi artıq aşılıb. O əlavə edib: “Biz qlobal temperaturun 4 dərəcə Selsiyə qalxmasının qarşısını almaq üçün birgə addımlardan danışırıq”.
Professorun fikrincə, dövlətlərin milli öhdəliklərini tam həyata keçirəcəyi təqdirdə belə, yalnız 3 dərəcə Selsi istiləşməni dayandırmaq olar və bu, ən müsbət ssenaridir.
Levent Kurnaz qeyd edib ki, atmosferə istixana qazı emissiyalarının azaldılması üçün ekoloji reaksiya da alimlərin gözləntilərini doğrultmur. O qeyd edib: “Bərpa prosesi daha yavaş gedir. Cari il ölçmələr tarixində ən isti dövr olacaqdır”.
Ekspert vurğulayıb ki, iqlim dəyişikliyinin hazırkı tempi davam edərsə, Türkiyənin bir hissəsinin həyatın çox çətin olacağı zonaya çevriləcəyi də istisna edilmir. “Ölkəmizə on milyonlarla iqlim miqrantı gələcək. Bütün bunlar təcili və qəti addımlar atılmasını tələb edir”, - deyə alim vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara