İDMAN
Türkiyəli Beril Böcekler və rusiyalı Aleksey Tkaçev üzgüçülük yarışlarında ikinci dəfə çempion olublar
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615640738294924019623_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/w_161564073878397651871_1200x630.jpg)
Bakı, 25 iyul, AZƏRTAC
Türkiyəli üzgüçü Beril Böcekler və Rusiya atleti Aleksey Tkaçev XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarında ikinci dəfə çempionluq sevinci yaşayıblar.
AZƏRTAC xəbər verir ki, B.Böcekler qızlar arasında 200 metr məsafəyə sərbəst üzmə yarışlarında rəqiblərini qabaqlayaraq birinci olub - 2 dəqiqə 0.62 saniyə. Böyük Britaniya atleti Freya Kolbert (2:00.90) və polşalı Viktoriya Qusk (2:02.36) ilk üçlüyü tamamlayıblar.
Rusiya üzgüçüsü Aleksey Tkaçev isə ikinci qızıl medalı oğlanlar arasında 200 metr məsafəyə arxası üstə üzmə yarışında qazanıb (2:01.24). Türkiyəli Berke Saka (2:01.62) gümüş, Polşa təmsilçisi Filip Kosinski (2:02.79) isə bürünc medala sahib olublar.
İyulun 23-də Aleksey Tkaçev oğlanlar arasında 100 metr məsafəyə arxası üstə, Beril Böcekler isə qızlar arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında çempion adını qazanıblar.