Türkiyəli mütəxəssislər ölkəmizdəki həmkarlarına səriştəlilik sınaqları ilə əlaqədar təlim keçiblər
Bakı, 14 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun nəzdindəki laboratoriyalarda çalışan işçilərin peşəkarlığının artırılması və laboratoriya nəticələrinin tanınması məqsədilə xarici ölkə laboratoriyaları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daim inkişaf etdirilir. Bu məqsədlə institutun əməkdaşları Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən “ISO/IEC 17043 Uyğunluğun qiymətləndirilməsi-səriştəlilik testinə dair ümumi tələblər” və “ISO/IEC 13528 Laboratoriyalararası müqayisə yolu ilə səriştəlilik sınaqlarında istifadə üçün statistik üsullar” mövzularında təşkil olunan təlimdə iştirak ediblər.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd səriştəlilik testlərini təşkil edən təşkilatların səlahiyyətlərinin tanınması üçün ümumi tələbləri və bu sahədə akkreditə olmaq istəyən təşkilatlar üçün hazırlanmış ISO/IEC 17043 beynəlxalq standartının tələblərini izah etməkdən ibarətdir.
Təlim zamanı iştirakçılara standartın tələblərinə əsaslanan keyfiyyət idarəetmə sisteminin qurulması, səriştəlilik sınaqlarının təşkili, müəyyən sınaq və ya ölçmələr üçün laboratoriya fəaliyyətinin qiymətləndirilməsi və performansın davamlılığının müşahidə edilməsi barədə ətraflı məlumat verilib. Təlimdə ölkəmizin qida mütəxəssisləri sınaq və ya ölçmə metodlarının effektivliyinin dəyərləndirilməsi, referans materialların qiymətləndirilməsi, onların müvafiq sınaq və ya ölçmə prosedurları üçün istifadəyə uyğunluğunun qiymətləndirilməsi haqqında da bilgilər əldə ediblər.