TÜRKPA-nın baş katibi ATƏT-in Daimi Şurasında çıxış edib
Bakı, 24 iyul, AZƏRTAC
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Jandos Asanov ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında iştirak edib.
TÜRKPA-dan AZƏRTAC-a bildiriblər ki, Jandos Asanov Daimi Şurada çıxış edərək qurumun fəaliyyəti, gələcək vəzifə və məqsədləri haqqında məlumat verib, ATƏT və onun qurumları ilə dialoqları davam etdirmək niyyətində olduqlarını vurğulayıb. Baş katib, həmçinin qeyd edib ki, türk əməkdaşlığının parlament ölçüsü olaraq, Assambleya ATƏT ilə üzv ölkələrdə sabit və davamlı inkişafın təmin edilməsinə yönəlmiş eyni məqsəd və prinsipləri bölüşür.
Baş katib çıxışında TÜRKPA-nın Bakıda keçirilən birinci Avropa Oyunlarına göstərdiyi mənəvi dəstəkdən də danışıb. Bildirib ki, bu, Avropa idman icmaları arasında dostluq və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə dəstək verən dünya miqyaslı möhtəşəm idman hadisəsi idi. Yeni inşa edilmiş idman məkanlarında keçirilən Oyunlar 6 mindən çox avropalı atleti bir araya gətirdi. Qonaqlar, həmçinin ev sahibi Azərbaycanın zəngin mədəni və tarixi irsinə nəzər yetirmək imkanı da əldə etdilər. “Çox sevindirici haldır ki, qısa zaman kəsiyində TÜRKPA-nın qurucu üzvlərindən və ATƏT-in fəal iştirakçı dövlətlərindən biri belə böyük və nəcib vəzifənin öhdəsindən gələ bildi”, - deyə Jandos Asanov vurğulayıb.