ÜAK QARŞIDAKI VƏZİFƏLƏRİ MÜZAKİRƏ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Federal Dairəsi üzrə Dairə Şurasının iclası keçirilmişdir. İclasda Rusiyadakı Azərbaycan diasporunun qarşısında, bilavasitə ÜAK və onun yerli təşkilatları qarşısında duran vəzifələr müzakirə olunmuşdur. Konqresin icraçı direktoru Eldar Quliyev “ÜAK-ın regional bölmələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması və onların fəallığının artırılması” mövzusunda məruzə ilə çıxış etmişdir. E.Quliyev azərbaycanlıların Rusiyanın siyasi və işgüzar həyatında, o cümlədən prezident seçkilərində və RF Dövlət Dumasına seçkilərdə fəal iştirak etməsi barədə məlumat vermişdir. Məruzəçi ÜAK-ın Mərkəzi Aparatının son vaxtlar Azərbaycan diasporunun nüfuzunun artırılması üzrə fəaliyyətini və bu fəaliyyətin həm Rusiyanın, həm də Azərbaycanın rəhbər orqanları tərəfindən yüksək qiymətləndirilməsini qeyd etmişdir. Onun sözlərinə görə, ÜAK-ın prezidenti Məmməd Əliyevin Rusiya İctimai Palatasına üzv seçilməsi faktı da Konqresin nüfuzunun getdikcə artmasına dəlalət edir.
E.Quliyev ÜAK-ın qarşısında duran məsələlər barədə danışarkən gənclərlə işin gücləndirilməsi, onların ictimai fəaliyyətə daha fəal cəlb edilməsi, RF-də yaşayan Azərbaycan vətəndaşları olan abituriyentlərin Rusiya ali məktəblərinə qəbul imtahanlarının layiqincə keçirilməsi zərurətini vurğulamışdır. O xüsusi vurğulamışdır ki, bu il Rusiya Ali məktəblərində Azərbaycan vətəndaşları üçün ayrılan yerlərin sayı artırılmış və ilk dəfə olaraq onlara aspiranturada da yerlər ayrılmışdır.
İclasda çıxış edən ÜAK nümayəndələri, o cümlədən Moskva və digər regional təşkilatların təmsilçiləri ÜAK xətti ilə görülən işlər və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinin gedişi barədə məlumat vermişlər.
Moskva regional təşkilatının sədri İlqar Hacıyev iclas iştirakçılarını diaspor üçün vacib olan sahələrdə Moskva hökuməti ilə əməkdaşlıq da iş təcrübəsi ilə tanış etmişdir. O, təşkilatın Rusiya paytaxtında fəaliyyətinin əsas istiqamətləri arasında aktual problemlərə həsr edilmiş “dəyirmi masa” iclaslarının, hüquq müdafiəsi fəaliyyətinin və digər milli diaspor təşkilatları ilə birgə keçirilən tədbirləri xatırlamışdır.