REGİONLAR
Ucarın kənd yolları yenidən qurulur VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Ucar rayonunda uzunluğu 21,4 kilometr olan Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin yolları IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bunun ardınca isə normativ qalınlıqda yol əsasının tikintisi işləri aparılacaq. Bu işlər 220 min kvadratmetr sahəni əhatə edəcək.
Yolboyu müxtəlif diametrli boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da nəzərdə tutulub. Torpaq işləri yekunlaşdırıldıqdan sonra yolun 130 min kvadratmetr sahəsinə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Daha sonra yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri planlaşdırılır.
Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları 3 yaşayış məntəqəsinin 7 mindən çox əhalisinin, həmçinin bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şərait yaradacaq.