İDMAN
UEFA Avropa Liqası: “Qəbələ” -“Dinamo” (Tbilisi) komandalarının start heyətləri müəyyənləşib
![UEFA Avropa Liqası: “Qəbələ” -“Dinamo” (Tbilisi) komandalarının start heyətləri müəyyənləşib](/files/2019/2/1200x630/1564064789112348898_1200x630.jpg)
Bakı, 25 iyul, AZƏRTAC
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” -“Dinamo” (Tbilisi) oyunu üçün komandaların start heyətləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Ülvi İsgəndərov, Fernan Lopez, Yusif Nəbiyev, Merab Qiqauri yer alıblar.
Gürcüstan komandasının heyətində isə Xose Perales, Viktor Monxil, Davit Kobouri, Georgi Kuxianidze, Levan Şengeliya, Georgi Papava, Georgi Kimadze, Levan Kutalya, Nodar İaşvili, Nika Ninua, Nodar Kavtaradze meydana çıxacaqlar.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Oyunu Şotlandiyadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Alan Malvanni və Cordan Stokoe kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək.
“Qəbələ” bu mövsüm qitə miqyaslı turnirdə ilk matçına çıxacaq. Tbilisi təmsilçisi birinci təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb - 6:0, 1:0.
Komandaların cavab görüşü avqustun 1-də səfərdə olacaq.
Qarşılaşmanın qalibi növbəti mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin səfər görüşündə 1:2 hesabı ilə uduzan təmsilçimiz, evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.