UEFA Konfrans Liqası: “Kayrat” - “Qarabağ” matçının birinci hissəsində qapılara qol vurulmayıb
Bakı, 4 noyabr, İlyas Zeynallı, AZƏRTAC
Noyabrın 4-də Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 4-də Qazaxıstanda “Kayrat” komandası ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, Almatıdakı “Ortalık” stadionunda start götürən matçın birinci hissəsində qapılara qol vurulmayıb. Oyunu moldovalı FIFA referisi Dumitri Muntian idarə edir.
Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.
“Kayrat” klubunun ilk onbirliyində isə Stas Pokatilov, Yan Voroqovski, Nurali Alip, Rade Duqaliç, Yatsek Quralski, Vaqner Lav, Kamo Ohanesyan, Frenki Banyak, Rikardu Alveş, Joze Kante və Neboyşa Kosoviç yer alıblar.
Hazırda qrup lideri ilə eyni - 7 xal toplayaraq, ikinci pillədə qərarlaşan “Qarabağ” bu turda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün “köhlən atlar” həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.
Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib - 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər. Ağdam təmsilçisi üçüncü turda “Kayrat”ı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.