“Ufa-2021”: Güləşçimiz Aydın Əhmədov bürünc medal uğrunda yarışacaq
Bakı, 17 avqust, AZƏRTAC
Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə - avqustun 17-də 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Güləşçimiz Əbülfəz Nəsirov (61 kq) ilk mərhələdə Qazaxıstandan olan rəqibini məğlub edib. Səkkizdəbir finalda Özbəkistan güləşçisi ilə gərgin keçən mübarizədə sonuncu xal prinsipinə əsasən qalib gələn Ə.Nəsirov dörddəbir finala yüksəlib. Anaq yarımfinalın bir addımlığında təmsilçimiz İran pəhləvanı ilə bacarmayıb. Rəqib finaladək irəlilədiyi üçün Ə.Nəsirov təsəlliverici görüşə çıxacaq.
Millimizin üzvü Turan Bayramov (74 kq) səkkizdəbir finalda almaniyalı güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. İdmançımız ABŞ təmsilçisi ilə qarşılaşmada 5:1 öndə olsa da, “tuşe” ilə rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması T.Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib.
Saqadulla Ağayev (86 kq) debütdə Qırğızıstan idmançısına qalib gəlib. Lakin növbəti mərhələdə Fransadan olan rəqibinə yenilib. Fransalı idmançının finala yüksəlməsi millimizin üzvünə bürünc medal qazanmaq şansı yaradıb.
Abdulcəlil Şabanov (92 kq) startda moldovalı rəqibi üzərində inamlı qələbə qazanıb. Ancaq səkkizdəbir finalda rusiyalı güləşçi keçilməz olub.
Turnirdə 125 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Əhmədov təsnifat mərhələsində bolqar həmkarını sonuncu xal prinsipinə görə üstələyib. Həmyerlimiz Gürcüstan pəhləvanına da gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında məğlub olan idmançımız bürünc medal uğrunda yarışacaq.
Qeyd edək ki, bu çəki dərəcələrində təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar avqustun 18-də keçiriləcək.