Ukrayna KİV-ləri Prezident İlham Əliyevin müşavirədəki çıxışına geniş yer verib
Kiyev, 16 iyul, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin altı ayının yekunlarına dair müşavirədəki çıxışına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentliklərində və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin müşavirədə Ermənistanla bağlı fikirlərinə toxunulub.
Məqalədə Prezident İlham Əliyevə istinadla qeyd olunur ki, Ermənistan Azərbaycanın beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərini qəbul etməsi müsbət hal olsa da, hələlik konkret addımlar yoxdur.
Həmçinin dövlətimizin başçısının Ermənistanın 10 noyabr Bəyanatına əməl etməməsi ilə bağlı fikri də ukraynalı oxuculara təqdim olunub: "Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev