UKRAYNA MƏKTƏBLƏRİNİN DƏRS CƏDVƏLİNƏ TURİST SƏFƏRLƏRİ VƏ EKSKURSİYALAR DA DAXİL EDİLƏCƏK
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, yeni tədris ilindən Ukrayna məktəblərinin dərs cədvəlinə ölkənin müxtəlif yerlərinə turist səfərləri və ekskursiyalar da daxil ediləcəkdir. Bunu hökumətin təsdiq etdiyi “Gənclər və uşaq turizminin inkişafına dövlət dəstəyi haqqında” tədbirlər planını açıqlayan Ukrayna təhsil və elm naziri Vasili Kremen bildirmişdir. Nazir vurğulamışdır ki, turist səfərləri məktəblilərin doğma yurdun mədəniyyəti ilə yaxından tanış olmasına imkan verəcəkdir. Özü də bu səfərlər ailənin büdcəsinə ziyan vurmadan, dövlət hesabına həyata keçiriləcəkdir. Onun sözlərinə görə, indi Ukraynada “Məktəb avtobusu” proqramı gerçəkləşdirilməyə başlayır. Bu da ekskursiyaların nəqliyyat probleminin həllinə kömək edəcəkdir. V.Kremen demişdir ki, təkcə bu il məktəblərə daha 350-400 yeni avtobus veriləcəkdir.
Məktəb turizminin əlaqələndirilməsini gənclər və uşaq turizminin inkişafına yardım üzrə idarələrarası əlaqələndirmə şurası öz üzərinə götürmüşdür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Ukraynada 7 milyona yaxın məktəbli var.