Ukrayna mətbuatı Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması ilə bağlı xəbərləri geniş işıqlandırır
Kiyev, 23 oktyabr, AZƏRTAC
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Ağbənd qəsəbəsinin azad edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin müraciətini və digər açıqlamalarını geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın nüfuzlu UNİAN informasiya agentliyində, “RBK-Ukrayna”, “Seqodnya”, “Korrespondent”, “Dialog” portallarında dərc edilən məqalələrdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəsmi “Twitter” səhifəsindəki aşağıdakı açıqlaması yer alıb: “Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna!”.
Bundan başqa, dövlətimizin başçısının Yaponiya nəşrinə müsahibəsində Dağlıq Qarabağda referendumun keçirilməyəcəyinə dair mövqeyi də Ukrayna mətbuatının diqqətində olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev