SİYASƏT
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət edib
2014-cü il oktyabrın 26-da Ukraynada keçiriləcək növbədənkənar xalq deputatları seçkiləri ilə əlaqədar olaraq, Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi öz ölkəsinin Azərbaycanda yaşayan və ya bu respublikada olan vətəndaşlarına xatırladır ki, Ukrayna qanunvericiliyinə uyğun olaraq həmin vətəndaşların Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi nəzdində xarici seçki məntəqəsində seçicilər siyahısına daxil edilməsi barədə ərizə vermələri müddəti 2014-cü il oktyabrın 20-də başa çatır.
Səfirlikdən AZƏRTAC-a daxil olmuş bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti bu ərazidə olan Ukrayna vətəndaşları seçicilər siyahısına daxil edilmək barədə ərizəni 2014-cü il oktyabrın 20-dək (həmin tarix də daxil olmaqla) öz təşəbbüsləri ilə şəxsən Ukraynanın Azərbaycandakı səfirliyinə təqdim edə bilərlər.
Ərizələr yerli vaxtla saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək səfirlikdə qəbul edilir. Səfirliyin ünvanı: Bakı, Yusif Vəzirov küçəsi, 49; əlaqə telefonları: +994124494095, +994124412706, +994502557518.
Səfirlik xəbərdarlıq edir ki, oktyabrın 20-dən sonra, həmçinin səsvermə günü seçicilərin adları siyahıya daxil edilməyəcək.
Səsvermə 2014-cü il oktyabrın 26-da yerli vaxtla saat 08:00-dan 20:00-dək yuxarıda göstərilən ünvanda keçiriləcək. Səsvermədə iştirak etmək üçün Ukrayna vətəndaşının xaricə getmək üçün pasportu seçicinin yanında olmalıdır.