DÜNYA
Ukraynaya raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var





Kiyev, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də səhər saatlarında Rusiya silahlı qüvvələri Ukraynaya yenidən kütləvi raket zərbəsi endirib.
AZƏRTAC xəbər verir ki, Kiyev, Rivne, Xarkov, Çerkası və Xmelnitski şəhərləri, Lvov vilayəti raket hücumuna məruz qalıb.
Zərərsizləşdirilən raketlərin qalıqları paytaxt Kiyevdə dağıntılara səbəb olub. Dağıntılar paytaxtın Qoloseyev, Darnitski, Şevçenko və Desnyanski rayonlarında baş verib.
Kiyev şəhər meriyasının məlumatına görə, paytaxtın Şevçenko rayonunda qaz borusu zədələnib. Darnitski rayonunda texniki xidmət stansiyası, peşə təhsili müəssisəsi, ikimərtəbəli ev və iki avtomobilə ziyan dəyib. Yeddi nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Onların arasında 18 və 9 yaşlı iki qız da var.
Rivne şəhərində səhər saatlarında partlayış səsləri eşidilib, bundan sonra bəzi ərazilərdə elektrik enerjisi kəsilib.
Xarkov meriyasının məlumatına görə, şəhərə ən azı altı raket atılıb. Partlayışlar əsasən şəhərin Slobodski rayonunda qeydə alınıb. “Mülki infrastruktura ziyan dəyib, həlak olanlar barədə məlumat yoxlanılır, azı iki nəfərin öldüyü təsdiqlənib”, - deyə şəhər meri İqor Terexov bildirib.
Lvov vilayəti hərbi administrasiyasının məlumatına görə, vilayətin Droqobitsı rayonuna üç raket zərbəsi endirilib. Sənaye obyekti, emalatxana, üçmərtəbəli anbar binası yanıb.
Çerkası şəhər meriyasından bildirilib ki, raket hücumu nəticəsində sosial infrastruktur dağılıb. Azı 5 nəfər xəsarət alıb, bir nəfər isə dağıntılar altındadır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev