SİYASƏT
Ulu öndər Heydər Əliyev Azərbaycan-Ukrayna dostluğunun memarı və qurucusudur
![](/files/galleryphoto/2017/3/1200x630/15129967352600053370_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15129967355296952783_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1512996822266116735_1200x630.jpg)
Kiyev, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Kiyev şəhərində müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisində yerləşən Heydər Əliyev parkında ümummilli liderin parlaq xatirəsinə böyük ehtiram bəsləyən Ukraynanın dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, xarici diplomatik korpusların rəhbərləri Ulu Öndərin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçəklər qoyub, onun ölməz dühasının qarşısında baş əyiblər.
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev çıxış edərək mərasim iştirakçılarının diqqətinə çatdırıb ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyevin şah əsəri bu gün dünya siyasi xəritəsində qüdrətli ölkəmizin mövcudluğudur. Səfirin sözlərinə görə, xalqımız illərdir ki, müstəqil dövlət qurmaq həsrəti ilə yaşayırdı. Məhz, ümummilli lider Heydər Əliyevin böyük təcrübəsi və siyasi iradəsi nəticəsində bu gün hər bir azərbaycanlının qürur mənbəyi olan müstəqil dövləti var. Bu gün Ulu Öndərimizdən qalan müasir Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınması və inkişafı Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
“Ümummilli lider Heydər Əliyev Ukrayna xalqına köməkliyini heç zaman əsirgəməyib. Ona görə də heç də təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai, siyasi xadimləri ulu öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər”,- deyə diplomat vurğulayıb.
Anım mərasimində çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan ilə yanaşı, bölgə dövlətlərinin, o cümlədən Ukraynanın inkişafına göstərdiyi diqqətdən ətraflı danışıblar. Bu gün bir çox ölkələrdə baş verən müharibə və vətəndaş qarşıdurmalarından söz açan çıxışçılar dünyada belə bir həssas və çətin dövrdə Heydər Əliyev siyasi irsinin elmi şəkildə öyrənilməsinin və tətbiq edilməsinin vacibliyini vurğulayıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev