Ulu öndər Heydər Əliyev Azərbaycana sabitlik, xalqımıza firavanlıq qazandırıb
Pekin, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Anar İmanov Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrün xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi, habelə ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi olduğunu bildirib.
O, dünyada cərəyan edən siyasi proseslərə və müxtəlif güclərin maraqlarına tam bələd, həmçinin dərin zəka, siyasi uzaqgörənlik və məntiqə malik ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunduğunu, ölkəmizin yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiyanın işlənib hazırlandığını bildirib. Müasir dövlətimizin banisi Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən xilas edərək ölkəmizə sabitlik, xalqımıza isə firavanlıq qazandırıb.
Qeyd olunub ki, hazırkı yüksək səviyyəli Azərbaycan-Vyetnam dostluq münasibətlərinin bünövrəsi məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulub.
A.İmanov Ulu Öndərin təməlini qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu və Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini deyib.
Tədbir iştirakçıları Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və 1983-cü ildə Vyetnama rəsmi səfərini əks etdirən fotosərgi ilə tanış olublar.
Bundan başqa, səfirliyin təşəbbüsü ilə Vyetnam dilində nəşr olunan Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin