SİYASƏT
Ulu öndər Heydər Əliyevin xatirəsi Belqradda da yad olunub
Belqrad, 13 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqradda anım tədbiri keçirilib.
Tədbir iştirakçıları “Taşmaydan” parkına gələrək görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini yad ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin xilasında və möhkəmlənməsində, eləcə də ölkəmizdə sabitliyin bərqərar olmasında əvəzsiz xidmətləri barədə danışılıb. Azərbaycanın müstəqil siyasətinin və ölkənin inkişaf modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğu diqqətə çatdırılıb. Bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
İştirakçılar, həmçinin parkda görkəmli serb yazıçısı Milorad Paviçin heykəli və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirə lövhəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, diplomatik korpusun nümayəndələri, müsəlman icmasının rəhbərləri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada fəaliyyət göstərən “AzVirt” şirkətinin rəhbərliyi, burada işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər.
Ulu Öndərin vəfatının 14-cü ildönümü ilə əlaqədar Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəlikləri tərəfindən də anım mərasimləri keçirilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad