Ulu öndər Heydər Əliyevin xatirəsi gürcü xalqının yaddaşından silinməyəcək
Tbilisi, 14 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda da qeyd olunub.
Dmanisidəki Təhsil Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri İctimai Televiziyanın Gürcüstan bürosunun rəhbəri Çingizxan Yaqubov açaraq Ulu Öndərin Gürcüstandakı soydaşlarımıza qayğısından danışıb.
Azərbaycanın bu ölkədəki səfirinin birinci müavini Dursun Həsənov bildirib ki, Heydər Əliyev xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Ulu Öndər təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın xilaskarıdır. Məhz onun uzaqgörən siyasəti, müdrikliyi nəticəsində Qafqazda sülhə nail olunub. Bu gün regionda həyata keçirilən irimiqyaslı layihələrin də əsas təşəbbüskarı məhz Heydər Əliyevdir.
Rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov, ictimaiyyət nümayəndəsi Tahir Qaralov, təhsil mərkəzinin direktoru Diana Qaralova və başqaları çıxış edərək Ulu Öndərin Gürcüstandakı azərbaycanlılara diqqət və qayğısından, gürcü xalqı üçün gördüyü işlərdən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində həyata keçirilən layihələr Gürcüstanın inkişafında mühüm rol oynayıb. Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, tədbirin keçirildiyi Təhsil Mərkəzi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub və Dmanisi ictimaiyyətinin ixtiyarına verilib. Gürcü xalqı bu işləri yüksək qiymətləndirilir və Heydər Əliyevin əziz xatirəsi gürcü xalqının yaddaşından silinməyəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi