Ulu Öndər Moldovada yaşayan azərbaycanlıların qəlbində daim böyük sevgi ilə xatırlanır
Kişineu, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir çərçivəsində səfirliyin foyesində Ümummilli Liderin həyat və yaradıcılığına dair fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar mərasimdə iştirak ediblər.
Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək Ümummilli Liderin həyat və yaradıcılığından, onun müasir Azərbaycanın qurucusu olmasından, xalqımız tərəfindən hər zaman sevgi və ehtiramla yad edilməsindən danışıb. Bildirib ki, xalqımızın dar günlərində daim onun yanında olan Ulu Öndər Azərbaycanın dünyada tanıdılmasında əvəzsiz rol oynayıb və böyük xidmətlər göstərib. Ümummilli Liderin bizə miras qoyduğu müstəqil Azərbaycan hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da yüksəklərə qaldırılır.
Mərasimdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə məlumat verib, onun Azərbaycanın bütün dünyada tanıdılması istiqamətində apardığı gərgin mübarizədən və gördüyü işlərdən danışıb. Qeyd edib ki, Ulu Öndər təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, eləcə də xaricdə yaşayan həmvətənlərimizin qayğısına qalıb, onların ən böyük himayədarı olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinin direktoru Aureliya Qriqoriu çıxışında Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin uca şəxsiyyəti, onun Azərbaycan qarşısındakı xidmətləri barədə ətraflı söhbət açıb.
Mərasimdə, həmçinin Moldovada yaşayan həmvətənimiz Məhəbbət İsmayılov Ulu Öndərə həsr etdiyi şeiri səsləndirib.
Daha sonra iştirakçılar ulu öndər Heydər Əliyevin səfirlikdə ucaldılan büstü önünə çiçək və əklillər qoyublar.
Sonda Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Mərasim səfirlikdə Ümummilli Liderin xatirəsinə ehsanın verilməsi ilə başa çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu