Ulu Öndərin anadan olmasının ildönümü Polşada da qeyd edilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Həsən Həsənov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin hakimiyyətə hər iki gəlişi böhran vaxtına təsadüf edib və onun göstərdiyi səylər nəticəsində ölkədə əmin-amanlıq və sabitlik yaranıb. Ümummilli Liderin Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində danılmaz nailiyyətləri var. Səfir çıxışının davamında tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən də danışıb.
Tədbirdə qeyd olunub ki, məhz Ulu Öndərin əsasını qoyduğu strategiyanın nəticəsində Azərbaycanın Avropaya inteqrasiyası uğurla həyata keçirilib və ölkəmiz bir sıra mötəbər beynəlxalq təşkilatların üzvü olub.
Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək regionun lider dövlətinə çevrilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Səfir Həsən Həsənov iştirakçılara, həmçinin aprel ayında qoşunların təmas xəttində yaşanmış gərginlik və hazırkı vəziyyətlə bağlı məlumat verib.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Polşada təhsil alan tələbə gənclər və diaspor üzvləri iştirak ediblər.