ULU ÖNDƏRİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında ümummilli liderimiz Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Tədbirin iştirakçıları, əvvəlcə, filialın həyətində dahi rəhbərin büstü önünə əklil və tər qərənfillər düzmüşlər. Sonra anma mərasimi filialın akt zalında davam etdirilmişdir. Filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Ramiz Məmmədov hələ sağlığında bütün türk dünyasının qəlbində özünə abidə ucaltmış Heydər Əliyevin mənalı həyat yolundan söhbət açmış, onun xilaskarlıq missiyasından danışmışdır. İnstitut müəllimlərindən Saimə Məmmədova ulu öndərin gənc nəslə örnək olan şərəfli ömür yoluna nəzər salmış, qədirbilən xalqımızın dahi rəhbərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin ətrafında daha sıx birləşəcəyinə əminlik ifadə etmişdir. Digər çıxış edənlər müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin təhsilimizin və elmimizin inkişafındakı xidmətlərini mərasim iştirakçılarının nəzərinə çarpdırmışlar. Mərasim iştirakçıları axırda ölkə başçısının daxili və xarici siyasətini dəstəklədikləri barədə müraciət qəbul etmişlər.