ULU ÖNDƏRİN XATİRƏSİNƏ EHTİRAM
Dahi öndər deyirdi: “Biz fəxr edirik ki, Azərbaycanın zəngin mədəniyyəti var, zəngin elmi var, zəngin incəsənəti, musiqisi vardır. Bunu da yaradanlar yüksək istedada malik olan adamlardır, eyni zamanda, fədakar insanlardır”.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyevin böyük qiymət verdiyi, sayğı və diqqət göstərdiyi bu insanlar - Azərbaycan mədəniyyət və incəsənət xadimləri dekabrın 12-də mədəniyyət naziri Polad Bülbüloğlu ilə birlikdə Fəxri xiyabana gələrək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər. Azərbaycanın görkəmli sənət xadimləri - Heydər Əliyevin hər zaman böyük diqqət yetirdiyi, əməklərini və istedadlarını yüksək qiymətləndirdiyi xalq artistləri, əməkdar artistlər, Prezident təqaüdçüləri və mükafatçıları, sıravi səhnə işçiləri, kino xadimləri, kitabxana və muzey əməkdaşları, musiqi və incəsənət məktəblərinin müəllimləri, ümumilikdə, min nəfərdən çox mədəniyyət işçisi mədəniyyətimizin böyük təəssübkeşinin xatirəsinə öz ehtiramlarını bildirərək, onun məzarı önünə əklillər qoymuş, gül-çiçək dəstələri düzmüşlər.