Ümumdünya Ticarət Təşkilatında koronavirus vaksinlərinin əqli mülkiyyət hüququnun ləğv edilməsi müzakirə ediləcək
Cenevrə, 10 mart, AZƏRTAC
Martın 10-11-də Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzv ölkələri Cenevrədə koronavirusa qarşı vaksinlərin əqli mülkiyyət hüququnun ləğv edilməsinə dair müzakirələr aparacaqlar.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təşkilatın 100-dən artıq üzv dövləti vaksinlər üzərindəki əqli mülkiyyət hüququnun ləğv edilməsini və bu yolla da patentdən azad vaksinlərin daha çox şirkət tərəfindən istehsalına yol açılmasına çalışırlar. Lakin əczaçılıq sənayesinin inkişaf etdiyi ölkələr və eləcə də həmin sənayenin özü indiyədək bu təşəbbüsün qarşısını kəsməyə müvəffəq ola biliblər.
Müzakirələrin mərkəzində Əqli mülkiyyətin ticarətyönümlü aspektlərinə dair Sazişin (TRİPS Sazişi) müddəalarının tətbiqi dayanır. Həmin və digər sazişlər əqli mülkiyyət məhsullarının azad ticarətini tənzimləyir. Koronavirus vaksinləri üçün patentin ləğvini tələb edən ölkələr bu yolla istehsalatın artacağı və qiymətlərin dünya bazarlarında sərfəli həddə düşəcəyini iddia edirlər. Lakin əczaçılıq sənayesi və onları dəstəkləyən ölkələr isə patentin aradan qaldırılmasının istehsalata təsir etməyəcəyini bildirirlər və qeyd edirlər ki, onsuz da bütün yüksək kvalifikasiyalı istehsal müəssisələri müvafiq lisenziyalar əsasında istehsalat prosesinə cəlb ediliblər.
Təşkilatın rəhbəri Nqozi Okonyo-İveala ixracat nəzarəti və daha çox vaksin uğrunda mübarizədə artan qiymətləri tənqid edib. O, eyni zamanda inkişaf etməkdə olan ölkələrdə istehsalat prosesinin dəstəklənməsini tələb edib.
“Sərhədsiz həkimlər“ təşkilatı da öz açıqlamasında bu sahədə bir sıra şirkətlərin monopolist mövqeyinin aradan qaldırılması sayəsində vaksinlər, testlər və müalicə vasitələrinin daha çox insan üçün əlçatan olacağını bəyan edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə