Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi Belarusda qeyd edilib
Minsk, 11 may, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi qeyd edilib. Anma mərasimində səfirliyin kollektivi, Azərbaycan diasporunun Minsk şəhəri və bölgələr üzrə nümayəndələri, Belarusda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir İsfəndiyar Vahabzadə Ulu Öndərin xalqımızın rifahı və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətindən danışıb. O, 1993-cü ildə respublikamızın ağır vəziyyətində, xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir vaxtda Heydər Əliyevin hakimiyyətə yenidən gəlişinin Azərbaycana yeni ruh və yeni tarix səhifələri bəxş etdiyini vurğulayıb. Məhz Ulu Öndərin uzaqgörənliyi və çevik fəaliyyəti nəticəsində respublikamızın qısa müddət ərzində ayaqları üzərində möhkəm dayana bildiyini və qətiyyətlə inkişaf etdiyini qeyd edən İsfəndiyar Vahabzadə bu gün də Ulu Öndərdən bizə yadigar qalmış möhkəm özül, bünövrə üzərində Prezident İlham Əliyevin modern, tolerant və güclü Azərbaycanı inşa etdiyini bildirib.
Sonra tədbirdə iştirak edən Azərbaycan diasporunun fəal üzvləri və tələbələr çıxış edərək xaricdə onların yaşaması və təhsil almaları üçün Ulu Öndərimizin əvəzsiz xidmətlərindən danışıb, göstərilən qayğı və yardımın günümüzdə də davam etdirildiyini vurğulayıblar.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib, səfirliyin birinci mərtəbəsində yerləşən büstün önünə tər çiçəklər qoyulub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk